düş
Səni sevmək,
səni itirmək
sevdanın sonu deyilmiş anam
torpaq
yaşıllığı sevir
çiçək günəşə vurğundur
və göyərçinin yaşıl gözündə
eşq
buğdanın qızartısıdır.
başın ananın dizində
yuxuların ən ağırı gözlərində
dərinlərə götürdün sonuncu köçü...
dincəl
dincəl
dincəl
səni incitməyəcək dizlərindəki sancı
biri varmış biri yoxmuş kimi
uşaqlıq illərin başlayır indi.
götürdüyün ən qısa mürgünün üzü sonsuzluğa
qar yağar üşüməzsən
gün vurar yanmazsan
və bu gündən başladığın düş sona erməz.
gözlərini yum
adımızı unut
evimizi, köyümüzü unut
və burdan apardığın ürəyimizin yaşıllığını torpağa ver
baxıram
yaşıllığı sevir səni qucaqlayan torpaq
çiçək günəşə vurğundur
və hanalı dırnaqlarına bənzər kəhlik dimdiyində
mürgüsü sonsuzluğa gedən insan səsi var.
Hadi QARAÇAY